“Bədii  yalanlar”ın  gerçəkçiliyi

Əsl rəssamlıq, başqa sözlə desək, gerçəkliyə yaradıcı münasibət “bədii yalanlar” və şişirtmələr olan yerdə başlayır, desək, yanılmarıq. Əgər bu yoxdursa, deməli,  kətanda gördükləriniz həyatda və təbiətdə gördüklərinizin yalnız və yalnız  quruca təkrarıdır. Əslində bu “yalanlar” və “şişirtmələr” heç də çoxlarının düşündüyü kimi tamaşaçını aldatmaq məqsədi daşımır, əksinə, daha çox  onu düşünməyə, adi gözlə belə görünənlərin alt qatında daha önəmli dəyərlərin gizləndiyinə inandırmağa yönəlidir. Naxçıvanda yaşayıb-yaradan Məmmədəli Ələkbərov  “bədii yalan”a və “yaradıcı şişirtmə”yə tapınan rəssamlardan biridir.

Tanışlıq üçün deyək ki, o, əvvəlcə məşhur “Əzimzadə məktəbi”ndə (1971-1977) rəngkarlıq, sonra isə Moskva Ali bədii-sənaye məktəbində (1980-1985) keramika üzrə ixtisas təhsili alıb. 1977-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Bu vaxta qədər 24 fərdi sərgisi keçirilib. Qaradaş Türkiyədə və doğma Naxçıvanda baş tutan bu təqdimatlar sayəsində o, özünün ruhunda daşıdığı yaradıcı potensialı həmkarlarına və tələbkar sənətsevərlərə nümayiş etdirə bilib.


Moskvadakı təhsildən sonra özünü keramika sahəsində sınayan, o vaxtlar Faensa (İtaliya) şəhərində təşkil olunan beynəlxalq sərgidə  müvəffəqiyyətlə iştirak edən, uğurlarını Seul və Karakasda keçirilən sərgilərdə təkrarlayan Məmmədəli Ələkbərov sonralar özünün gözəllik duyğularını kətan üzərində ifadə etməyə üstünlük verib. Bu gün duyulası zaman distansiyasından qətiyyətlə onun bu  seçimində yanılmadığını söyləmək olar. Rəssamın bu gözlənilməz  keçiddə  bir sənət sahəsindən digərinə yeni məkanı dolğunlaşdıra biləcək bədii məziyyətlər daşıması  bu prosesin sonralar həmişə görünə biləcək məziyyətləridir. Rəngkarlıq tablolarında keramika estetikasından gəlmə çalarların, o cümlədən də əsərlərinin ekspressivliyini gücləndirən qrafik cizgilərin  mövcudluğu da onun tədricən əldə edə bildiyi bu ruhi sintezin görüntüləridir...

Məmmədəli Ələkbərovun bir qərinəni ötən yaradıcılığı həm janr, həm də mövzu rəngarəngliyi  ilə diqqət çəkir. Müxtəlif tutumlu bu əsərlərin ən qabarıq görünən bədii-estetik məziyyəti rəssamın zaman-zaman həyat həqiqətlərinə heyrətlənməkdən usanmaması,  quruca “şəkil çəkmək” ənənəsindən uzaq olmasıdır.

O, bütün mənalarda müasir rəssamdır. Həm həyat hadisələrinə baxışına, həm də gördüklərinin ifadəsinə görə...

Əgər onun yaradıcılığını müəyyən janr çərçivəsində dəyərləndirməli olsaq, onda ilk növbədə süjetli tablolarınıdan söz açmalıyıq. Rəssamın bu janrda yaratdığı əsərlər bütünlükdə müəllifin milli kökə, mənəvi-fəlsəfi dəyərlərə bağlılığını əks etdirir. Bu lövhələrdə qədim Naxçıvan torpağının rəmzinə çevrilən İlandağın və Mömünə Xatın türbəsinin tərənnümü də Bəhruz Kəngərli yurdunun müasir insanlarına, onların fəaliyyətinə, qayğılarına və yaşantılarına   münasibət kontekstində baş tutub.

Bununla yanaşı  demək lazımdır ki, bu tabloların əksəriyyətinin qəhrəmanlarının qadınlar olması adi gözlə belə görünəndir. Bir qədər mübaliğəyə yol versək də, deməliyik ki, Azərbaycan təsviri sənətində  öz təzadlı duyğularının  daşıyıcılığını Məmmədəli Ələkbərov qədər qadınlara  etibar edən az-az rəssam tapılar. Onun çox müxtəlif  rakurslarda,  isti-soyuq rənglər “burulğanında” təqdim etdiyi qadınlar  cəlbedici olmaqla, həm də təzadlı ovqat daşıyıcılarıdırlar. Yaradıcı ruhunu saza tapşıran qızın, emalatxanaya təşrif gətirən mələyin, rəssam istəyinin “əsiri” olan modelin, düşüncələri ilə baş-başa qalan gəlinin, körpə nazını şəkən ananın və arzularına yuxu şirinliyində yetişən gənc qızın ovqat daşıyıcılığı qabarıq olan görüntülərində rəssam duyğuları ilə obraz yaşantıları uğurla qoşalaşdığından tamaşaçı üçün cəlbedici olmaqla yanaşı, həm də düşündürücü görünürlər. Bu tabloların hər birinə xas olan zahiri “sükut”u, rəssamın onların hər bir birinin ruhuna uyğun onu dinamik cizgilərlə “paralaması”, bu sakitliyə bədii oynaqlıq, duyulası ekpressivlik bəxş etmişdir. Axıcılığı duyulan olan bu qrafik “izlər” forma və istiqamətcə dəyişgən - əsərin məzmun tutumuna müvafiq olmaqla, əslində müxtəlif məkanlar toplusunu andıran kompozisiyanın ümumi bütövlüyünün daha da möhkəmləndirilməsini şərtləndirib. Rəssamın yaradıcılıq nümunələri olan tablolarını az qala onun “tanınma nişanı”na çevrilən  məna-məzmun tutumlu  bu məntiqli cizgilərsiz təsəvvür etmək sadəcə mümkünsüzdür...

Süjetli tablolarında kişi obrazları nə qədər az olsa da, onların məna-məzmun daşıyıcılığını əsasən yaradıcı insanlara yönəldən rəssam özünün və dahi Cavidin yaşantılarına tutduğu bədii-fəlsəfi “güzgü”də onları yaratdıqları “dünya” ilə baş-başa təsvir etməklə, mənəvi-yaradıcı yükü paylaşmağın ağırlığını göstərməyə səy göstərib.

Yaradıcılığını daim müşayiət edən “sirlilik” pərdəsi Məmmədəli Ələkbərovu davamlı olaraq mücərrəd biçimli və tutumlu əsərlər yaratmağa da sövq edib. Lakin onun mücərrədçiliyində indi çox dəbdə olan “dəstədən geri qalmamaq”  kimi xoşagəlməz istəyin işartısı belə yoxdur. Çox vaxt adının qoyulmasına belə ehtiyac olmayan belə kompozisiyalarda təzadlı rəng “ləkə”ləri, rəssam duyğularından qaynaqlanan “rəngsizlik”lə - bədii pauzalarla və onları tamamlayan ekspressiv cizgilərlə birlikdə ovqat daşıyıcısına çevrilməklə, tamaşaçı ilə təmas qurmağa, “danışmağa” başlayır... Rənglərin qan yaddaşımızda hifz olunan çoxqatlı məna daşıyıcılığına istinadən onların uyarlığında, çox vaxt da təzadlı görünən tutumunda sayagəlməz fikir-məzmunun qərarlaşdığına inanmaq mümkündür. Əslində məzmunu rəng və cizgi improvizələrinin məcmusunda ifadə  olunan belə lövhələr  tamaşaçının düşünməsinə geniş meydan açan əsərlərdir. Bu mənada onların Əcəmi naxışlarının ovsunlayıcı sehrindən, yerli  folklorun şirinliyindən, Bəhruz rənglərinin təravətindən və digər neçə-neçə mənəvi qaynaqdan “şirələndiyi” birmənalıdır...

Məmmədəli Ələkbərov süjetli tablolarında nə qədər tamaşaçını düşündürməyə meyllidirsə, mənzərələrində bunun əksinə olaraq daha çox seyrçini duyğulandırmaq istəklidir. Odur ki, mənzərə janrında yaratdığı lövhələrində kifayət qədər gerçəklik duyulur. Amma bu, bir çoxlarına xas olan “quruluqdan” və “soyuqluqdan” uzaq olduğundan, kətan üzərində görüntüyə gətirilən Naxçıvan təbiətinin çoxsaylı guşələri duyulası dərəcədə yeni və təravətlidir. Bu baxımlılığı şərtləndirən başlıca səbəb rəssamın tanış motivlərə özünəməxsus münasibətinin olmasıdır.  Müəllifin çox məşhur yerlər üçün onların möhtəşəmliyini bütün zənginliyi ilə qabarda biləcək fəsil, gün və an seçməsi, onları gözlənilməz rakurslarda  təqdim etməsi çoxlarının gözündə adiləşən motivləri çox fərqli,

 daha dəqiq desək, bədii-psixoloji tutumda görməyə və dəyərləndirməyə imkan verib. Bu mənada onun onsuz da rəng zənginliyi danılmaz olan Naxçıvan dağlarına, Ordubadın müxtəlif libaslı meyvə bağlarına, ecazkar gözəlliyə malik Batabat gölünə və sair guşələrə çəkdiyi rəng “sığalı” onun təxəyyülünün nəhayətsizliyini sərgiləməklə, həmin motivlərin gözoxşayanlığını təmin edib. Bu mənzərələrdə sadəcə təbiətdəki rənglərin surəti çıxarılmayıb, əksinə, görünənlərdən onların ya artıq itirdiklərinin, ya da qazana biləcəklərinin qürurdoğurucu obrazı yaradılıb. Bütünlükdə doğma yurdun tərənnümünə yönələn bu motivlər əslində rəssam təxəyyülü ilə obraz səviyyəsinə yüksəldiyindən  həm diqqətçəkən, həm də duyğulandırıcıdırlar...

Əgər onun digər janrda yaratdığı əsərləri ilə müqayisə etsək, onda Məmmədəli Ələkbərovun portret və natürmortlarının duyulası dərəcədə az olduğunu söyləməliyik. Lakin onlardan alınan bədii-estetik təəssürat gözlənilməz rakurs və təqdimat baxımından o qədər təsirli və duyğulandırıcıdır ki,  bu azlıq demək olar ki, hiss olunmur.  Bu yerdə deməliyik ki,  elə bir neçə fiqurlu süjetli tabloların əsas yük daşıyıcılarının  qabarıq-təzadlı yaşantılara bələnmiş tutumda təqdimatında rəssamın portretə münasibətini ğörmək mümkündür. Bir janrın çərçivəsinə sığışmayan bu yaşantıların bəzən hətta bir qədər şişirdilmiş görünən görkəmində  onlara müvafiqlik duyulduğundan bu bədii “iz”lər təsirli obrazlar kimi qəbul olunurlar...

Məmmədəli Ələkbərovun mövzu və janr əlvanlığı ilə diqqətçəkən yaradıcılığı bütünlükdə  onun rənglərə sonsuz sevgisinin və onları mənalandırmaq gücünün məcmusudur. Bütün bunların rəssamın sərbəst düşüncələrə köklənmiş yaradıcılığına özünəməxsusluq bəxş edib. Düşünürük ki, bu 60 yaşlı rəssamın sənətdə əldə edə biləcəyi ən böyük qazancdır...

 

Ziyadxan ƏLİYEV

Azərbaycan Respublikasının əməkdar  incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru