Cizgilərə  hopan  ömür.

Sənət aləmində bənzərsizlik ən ümdə şərtlərdən biridir. Bu bənzərsizlik sənətkarın uzun sürən, böyük zəhmət tələb edən gərgin axtarışlarının sayəsində yaranır. Azərbaycanın xalq rəssamı, görkəmli qrafika ustası, professor Cəmil Müfidzadə  məhz  belə bir yaradıcı-bədii xüsusiyyətin daşıyıcısıdır.  İki il öncə 80 illik yubileyini qeyd etdiyimiz  rəssamın  sənətinin xoş sorağı Vətənimizin sərhədlərini çoxdan aşmış, əsərləri müxtəlif mükafatlara layiq görülmüşdür, desək, həqiqəti söyləmiş olarıq.

Hər bir rəssamın sevimli, qəlbinə hakim kəsilən mövzusu, bədii həllini axtardığı məsələlər var. O, bunları müşahidəsinə və təcrübəsinə əsaslanaraq həyata keçirir. Doğma yurdun uzaq-yaxın keçmişi, maddi-mədəniyyət abidələri, sərvəti və təbiəti də  xalq rəssamı Cəmil Müfidzadə üçün belə mövzulardan olub. Yarım əsrdən çoxdur ki, Azərbaycan mövzusu davamlı olaraq onun qrafik lövhələrinin leytmotivinə çevrilib. “Bakı albomu”, “İçərişəhər”, “Abşeron nefti” və  “Xınalıq” silsilələrini əhatə edən əsərlər  bunun təsdiqidir.

Bununla yanaşı rəssam dünyanın bir çox ölkələrinə baş tutan yaradıcılıq səfərlərini də sənətsevərlər tərəfindən çox maraqla qarşılanmış qrafik silsilələrdə əbədiləşdirmişdir. Onun “Monqolustanda”, “Misir təəssüratları” və “Şimal” silsilələri belə yaranmışdır.

Bir həqiqətdir ki, həyatda kiməsə, nəyəsə  ali məhəbbət hisslərinin mövcudluğu hər şeyə başqa sözlə baxmağa məcbur edir. Bakıda və Xarkovda mükəmməl ixtisas təhsili alan və təsviri sənət tariximizin çox maraqlı səhifəsini  təşkil edən 60-cı illərdə yaradıcılıga başlayan Cəmil Müfidzadənin doğma torpağa və onun ecazkar  təbiətinə, yurdun əvəzsiz bəzəyi və qürur qaynağı olan tarixi abidələrə, yurda şöhrət bəxş edən  sənaye obyektlərinə sevgisi də məhz belə ali, belə ülvi, başqa sözlə desək bir az da Səttarsayağı  idi.

Onun dəfələrlə dünyanın yeni möcüzələrindən sayılan Neft daşlarına səfərlər etməsini, Azərbaycanın qədim və zəngin, möhtəşəm və təkratsız memarlıq abidələri ilə tanışlığı, əcdadlarımızın gözünün nurunu, ürəklərinin və əllərinin hərarətini özündə yaşadan xalçaları  və tikmələri ,eləcə də daşoyma və misgərlik nümunələri, özündə tariximizi yaşadan Qobustan qaya rəsmləri, ecazkar miniatür əsərləri ilə tanışlığını da bura əlavə etsək, zamanında  gənc rəssamın çox dəyərli mənəvi dəyər toplusu qarşısında durduğunu söyləmək olar. Əslində bəlkə də başqalarının görə bilmədiyi bu qədər tutumlu mənəvi qaynağı lazımınca dəyərləndirmək, rəssamın özünün dediyi kimi fərqli müasir və milli görkəmə gətirmək o qədər də asan deyildi. Başqa sözlə desək, o, sənətin əlçatmaz görünən zirvəsinə doğru uzanan çox təzadlı, ancaq eyni zamanda duyulası dərəcədə maraqlı yaradıcılıq axtarışlarından keçəcək uzun bir yola çıxmaqda idi. Belə bir vaxtda israrının davamlı olmasına yeganə dayaq verən  axtarışlara köklənmiş müəllifin özünə sonsuz inamı idi...

O, yaradıcılığında milli bədii qaynaqlara tapınan rəssamlardandır. Onun əski nümunələrimizə münasibəti səthi olmayıb, əsl yaradıcı mahiyyət daşıyır. Elə bunun sayəsində də  əsərlərində milliliklə yanaşı, müasirlik və zaman kateqoriyası da nəzərəçarpan və duyulandır. Belə ki, rəssamın özünəməxsus təfsirində həm müəyyən məkanın bakirə gözəlliyi, həm də insan əli ilə dəyişən müasir görkəmi daha ecazkar görünür. Bəzən adama elə gəlir ki, rəssamda haradasa tez-tez üz-üzə qaldığı naturaya qarşı inamsızlıq yaranıb və o, görünənlərin real-təbii rənglərindən daha çox, təxəyyülün nəticəsi kimi təqdim etdiyi duyğulandırıcı rəng həllinə, süjetin düşündürücü obrazlı təfsirinə etibar edib.

Cəmil Müfidzadə bir qayda olaraq həyat hadisələrinin təsvirində bilərəkdən reallıqla qeyri-reallıq arasında duyulası bir məsafə saxlamağa çalışır. Onun özümlü bədii şərhi, ifadə tərzi də elə bu ilğım gücünə malik sirli “məsafənin” mövcudluğunda aşkarlanır. Bunun nəticəsi olaraq çox vaxt rəssam təsvir obyektlərini əsərlərinə özünün qavradığı, görmək istədiyi biçimdə gətirir. Bu cür təfsir təsvir motivlərini adilikdən çıxarmağa imkan verir. Rəssamın tətbiq etdiyi duyulası bədii ümumiləşdirmələrə, rəng-cizgi improvizələrinə baxmayaraq onu da demək lazımdır ki, bizə təqdim olunan hər bir özündə tarixi keçmişi yaşadan memarlıq motivinin də, poetik-romantik sənaye mənzərəsinin real prototipi vardır.

Onun əsərləri işləmə manerasına, kompozisiya biçiminə görə də orijinal olub, heç kimi xatırlatmır. Onları diqqətlə nəzərdən keçirdikdə rəssamın dəst-xəttinin tədricən dəyişdiyi, yeni bədii keyfiyyətlərlə zənginləşdiyi də açıq duyulur. Həmişə cəlbedici görünən və yeniləşən bu  ifadə tərzini əvvəllər nə qədər lakonik forma-biçim, təzadlı işıq-kölgə həlli səciyyələndirirdisə, vaxt axarında onlar tədricən çox zərif, ovsunlayıcı naxışları andıran cizgilərlə əvəz olunub. Sonrakı illərdə bədii forma bütövlüyü,axıcı xəttlərin dinamikliyi, fakturanı cəzbedici və duyulan edən qarışıq texnikanın tətbiqi son nəticədə, özünəməxsus bədii şərh  məcmusu yaratmaqla rəssamın sonrakı dövr yaradıcılığını səciyyələndirən bədii-texniki ifadə vasitəsinə çevrilib.

O,  yeganə qrafiklərimizdəndir ki, təhsil illərində qazandığı texniki-bədii vərdişləri bu gün də praktikada davam etdirməkdədir. Onun  əsərlərini davamlı olaraq müxtəlif texnikalarda yaratması da bunu təsdiqləyir. Rəssam uzun illərdir ki, yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olur. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasında çalışan Cəmil müəllim bu ali təhsil ocağının professorudur.  Yaxşı haldır ki, görkəmli sənətkar əldə etdiyi zəngin texniki-bədii təcrübəni və dünya praktikasında ofort texnikasının yerini özündə cəmləşdirən “Ofort” adlı dərslik yazmış, bu texnikanın bundan sonra gənclər tərəfindən davam etdirilməsi üçün tutumlu mənbə yaratmışdır...

Rəssamın zəngin qrafik irsi ilə tanışlıq göstərir ki, Cəmil Müfidzadə sənətdə artıq öz sözünü demiş və sənətkar “mən”ini təsdiqləmiş yaradıcı simalardandır. Odur ki, bundan sonra  artıq zamanın sərt sınağından çıxdığını da sübut edən bu əvəzsiz milli mənəvi dəyərlərin Azərbaycan təsviri sənətinin ayrılmaz tərkib hissəsi kimi qalacağı və dəyərləndiriləcəyi  birmənalıdır. Bunu heç şühəsiz onun yarım əsrlik yaradıcılığının həm keçmiş SSRİ məkanında, həm də ölkəmizin hüdudlarından çox-çox uzaqlarda Azərbaycan xalqına başucalığı bəxş etməsi şərtləndirir...

P.S. Yazı “Ədəbiyyat qəzeti”nin 18 iyun 2016-cı il tarixli sayında çap olunub.

 

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru