NAXÇIVAN MUXTAR RESPUBLİKASI RƏSSAMLAR BİRLİYİ

 Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin tarixindən

Hər bir xalq öz mədəniyyəti, incəsənəti ilə tanınır. Odlar yurdu Azərbaycanın da mədəniyyəti onun öz tarixi qədər qədimdir. Bu milli-mənəvi dəyərlər nəsillərdən-nəsillərə ötürülərək daha təkmil formada dövrümüzə gəlib çatmışdır. Bu gün Azərbaycanı dünyada inkişaf etmiş mədəniyyət ölkəsi kimi də tanıyırlar. Mədəniyyətin mühim sahələrindən olan rəssamlıq və dekorativ tətbiqi sənət də xalqımızın dünyada tanınmasında mühüm rol oynamışdır. Naxçıvan böyük elm və sənət korifeylərinin, görkəmli memar, rəssam və siyasətçilərin, dövlət xadimlərinin vətəni kimi şərq intibahına və ictimai fikir tarixinə özünün layiqli töhvələrini vermişdir. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu ilk dövrdə, Sovetlər dönəmində Azərbaycan rəssamlıq məktəbi də yüksək inkişaf etmişdir. Yüksək dəyərli əsərlər yaranmış, onlar ittifaq və respublika səviyyəsində mükafatlandırılmışdır. İncəsənət xadimlərimiz Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq rəssamı fəxri adlarına layiq görülmüşlər. Yeni mədəniyyət obyektləri inşa edilmişdir. Artıq 1970-ci ildə Muxtar Respublikada kifayət qədər ittifaq üzvü olan rəssamların mövcudluğu, onların yerli təşkilatda birləşmələrinə zəruri şərait yaratmışdı. 1971-ci ilin iyun ayında Naxçıvan Rəssamlar Təşkilatının yaradılmasına hazırlıq işlərinin tamamlanması barədə hökümət strukturlarına Ümummilli Liderimiz Heydər Əliyev bir sıra göstərişlər vermişdir. 1971-ci ildən Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatı öz vəzifəsinə başlayır. 1971-ci ildən indiyədək bu qurumun sədr vəzifəsində Muxtar Respublikanın tanınmış rəssamları-Məmməd Qasımov, Şəmil Mustafayev, Abuzər Qardaşbəyov, Mircəlil Seyidov, Babək Abazərli, Hüseynqulu Əliyev fəaliyyət göstərmişlər. Haliyədə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevadır.

Ulu Öndərin siyasi kursuna sadiq olan Ali Məclisin Sədri Cənab Vasif Talıbov Naxçıvanda rəssamlıq sahəsində islahatların daha da sürətlənməsini təmin etmişdir. Tarixi varislik əlaqələrinə əsasən xalqımızın uzun əsrlər boyu formalaşmış elmi, mədəni və mənəvi dəyərərinin davam etdirilməsi, ictimai siyasi və ədəbi-bədii prosesin daha genişləndirilməsi sahəsində Muxtar Respublikada mühüm tədbirlər görülmüş, yaradıcı təşkilatlar qarşısında konkret vəzifələr qoyulmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Muxtar Respublikada yaradıcı təşkilatların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə, 16 fevral 1998-ci il tarixli sərəncamı məhz bunun əyani sübutudur.

2000 – ci ildə Muxtar Respublika Ali Məclisinin Sədri Vasif  Talıbovun təşəbbüsü və qayğısı ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı yeni əsasnaməsi olan müstəqil bir yaradıcılıq qurumuna, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilmişdir. Bu müddət ərzində bilavasitə Ali Məclis Sədrinin himayədarlığı ilə Rəssamlar Birliyinin idarəsi və sərgi salonu əsaslı surətdə təmir edilmiş, sərgi salonuna Bəhruz Kəngərlinin adı verilmişdir. 2002-ci ildə 30 oktyabr tarixli  konfransda Naxçıvan  Muxtar Respublikası Rəssamlar  Birliyinin  Nizamnaməsi qəbul edilmişdir, və dövlət qeydiyyatına  alınmışdır.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 5 mart 2011– ci il tarixli III Konfransı keçirilmişdir. Bu konfransda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni Nizamnaməsi qəbul edilmiş, Birliyin sədri, İdarə Heyəti və Nəzarət – Təftiş Komissiyası seçilmişdir. 2011 – ci ilin iyun ayında Muxtar Respublika rəhbərliyinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin iş otaqlarının və Birliyin Bəhruz Kəngərli adına Sərgi Salonunun  tamamilə yenidən qurularaq rəssamların ixtiyarına verilməsi və Naxçıvan Rəssamlar Birliyinin 40 illik yubleyinin keçirilməsi ilə əlaqədar 23 iyul 2011 – ci il tarixli sərəncamı Muxtar Respublikada rəssamlıq sənətinə göstərilən dövlət qayğısının əyani təzahürüdür.

Birliyin yeni inzibati otaqlarının və sərgi salonunun möhtəşəm təmiri və yenidənqurulması ilə əlaqədar Muxtar Respublikada yaşayıb yaradan rəssamların əsərlərindən ibarət sərgi keçirilmişdir. Həmin sərgidə Ali Məclisinin Sədri iştirak etmiş və demişdir: Bu sahəyə ona görə diqqət göstərilir ki, Rəssamlar Birliyi Muxtar Respublikanın ictimai həyatında fəal iştirak etsin, yeni rəssamlar yetişdirilsin, Bəhuz Kəngərli ilə başlanan yol davam etdirilsin. Bu gün Muxtar Respublikamızda profesional rəssamlar fəaliyyət göstərir . Onlar təkcə ölkəmizdə deyil Azərbaycandan kənarda da tanınırlar, müxtəlif ölkələrdə sərgiləri təşkil olunur. Bu sahənin daha da inkişaf etdirilməsi üçün rəssamların üzərinə mühüm vəzifələr düşür. Tarixin yaşadılması baxımından rəsm əsərləri mühüm əhəmiyyət daşıyır. Vaxtilə Bəhruz Kəngərlinin, Şamil Qazıyevin çəkdiyi rəsm əsərlərində Naxçıvanın tarixi, abidələri, adət - ənənələri öz əksini tapmışdır. Naxçıvanın təbiəti, tarixi abidələri rəssamlar üçün mövzu, hər bir guşəsi isə bir rəsm əsəridir.

2011 – ci ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin saytı və facebook səhifəsi fəaliyyət göstərir. Bu gün tək facebook səhifəsinin 4,584 izləyicisi vardır. Rəssamlar Birliyinin saytı və səhifəsində Rəssamlar Birliyi öz fəaliyyətini şəffaf şəkildə nümayiş etdirir və  doğma Naxçıvanımızı  öz izləyicilərinə tanıdır.

2011-ci ildən Naxçıvan  Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri olan rəssamlara, fərdi yaradıcılıqlarını davam etdirmələri üçün Muxtar Respublika rəhbərliyi tərəfindən emalatxanalarla təmin olunmuşlar. Ayrıca hər il, 2 yaşlı və  3 gənc rəssam Azərbaycan Respublikası Rəssamlar İttifaqının təsis etdiyi təqaüdlə təmin olunur.

2012-ci ildə “Milli və mənəvi dəyərlər ili” ilə bağlı “Naxçıvan bəşəriyyətin beşiyi” I  Beynəlxalq Rəsm Festivalı keçirilmişdir.Festival yüksək səviyyədə  keçirilmiş və 4 ölkədən 24 rəssamı qonaq etmişdir. Fesrtivalın yekununda iştirakçıların festival ərəfəsində çəkdikləri rəsm əsərlərinin kataloqu çap olunmuş, qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılmışdır. Festival çərçivəsində çəkiləm əsərlər Naxçıvan Muxtar Respublikası Dövlət Rəssamlıq Qalareyasına mühafizə olunması üçün  hədiyyə olunmuşdur. Naxçıvan Muxtar  Respublikası Rəssamlar Birliyinin üzvləri son illər ərzində bir çox xarici ölkələrdə keçirilən sərgilərdə, festivallarda və müsabiqələrdə iştirak etmişlər. Bu ölkələrin siyahısına Bolqarıstan, Fransa, İran, Türkiyə, ABŞ, Portuqaliya, Çin, Avstriya, Rusiya, Koliforniya ştatı və sairə ölkələr daxildir. Naxçıvan Rəssamlar Birliyinin “Bəhruz Kəngərli adına Sərgi Salonunda” birlik üzvlərindən dünyasını dəyişmiş və hal-hazırda yaşayan rəssamların, eləcə də, yaradıcı tələbələrin fərdi və qarışıq sərgiləri təşkil olunur.

Bununla yanaşı Bəhruz Kəngərli adına sərgi salonunda ahıl və fiziki imkanları məhdud olan şəxslərin yaradıcılıq potensialının, qabiliyyət və bacarığının üzə çıxarılması məqsədi ilə mütaəmadi olaraq satış sərgiləri  keçirilir. Eləcə də  digər ölkələri təmsil edən qonaq rəssamların  sərgiləri və profissional səviyyədə gənc rəssamlarımıza ustad dərsləri də nümayiş etdirilir. Qeyd edək ki, Rəssamlar Birliyi özündə professional rəssamları birləşdirən qurum olaraq, işini yüksək səviyyədə davam etdirməyə çalışır. Sevindirici haldır ki, bu gün Naxçıvan rəssamlarının cərgələrində gənclər də xüsusi yer tutur. Onlar müsabiqələrdə iştirak edirlər, öz yaradıcılıqlarında müxtəlif janrlara müraciət edir, öz əsərlərində Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin irsini davam etdirilər. Muxtar Respublikada yaşayıb-yaradan rəssamların əsərlərinin dünyaya inteqrasiya etdirilməsinə böyük imkanlar yaradılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Sənətkarların yaradıclıq səviyyələrini, bədii axtarışlarını fəallaşdıran amillər içərisində onlara fəxri adların, Prezident təqaüdlərinin verilməsi xüsusi qeyd olunmalıdır. Göstərilən bu diqqət və qayğı  rəssamların üzərinə həm də böyük məsuliyyət qoyur. Dövlətin bu diqqət və qayğısını hiss edən rəssamlar da müvafiq olaraq respublika əhəmiyyətli tədbirlərdə yaxından iştirak edir, öz əsərlərində Azərbaycanı, onun ayrılmaz hissəsi olan doğma Naxçıvanımızı tərənnüm edirlər. 2013-cü il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni binası istifadəyə verilmişdir. Yeni bina zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Binanın aşağı mərtəbəsində 9 rəssamlıq emalatxanası, birinci mərtəbədə 5 inzibati otaq, ikinci mərtəbədə isə Bəhruz Kəngərli adına işıqlı və dünya standartlarına uyğun sərgi salonu yerləşir. Qeyd edək ki, Naxçıvan Rəssamlar Birliyinə əlavə olaraq  rəssam xalçaçı, rəssam- fotoqraf ştatları verilmişdir.

10 dekabr 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dühası  əbədi yaşardır” mövzulu möhtəşəm  sərgi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Muxtar Respublikasının 90 illik yubileyinə həsr  olunmuş Tədbirlər Planı” na əsasən 2014-cü il may ayında “ Naxçıvan-bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. Festival “Naxçıvanqala” Tarix-Memarlıq  Muzey Kopmleksində təşkil olunmuşdur. Festivalda 7 ölkədən 34 rəssam iştirak etmişdir.  Festivalın iki dildə kataloqu çap olunmuşdur.

2015-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Naxçıvanın inkişafının 20 ili” mövzusunda möhtəşəm  sərgi keçirilmişdir.

2015-ci ildə Rəssamlar Birliyinin Tədbirlər Planına Muxtar Respublika Rəhbərliyi tərəfindən əlavə olunaraq, Naxçıvan Muxtar Respublikasında yerləşən Yaradıcılıq Mərkəzlərinin “Rəsm” dərnəklərində  ustad dərslərinin keçirilməsi haqqında göstərişləri olmuşdur. Ustad dərslərinin keçirilməsində məqsəd, Naxçıvan Rəssamlar Birliyinin fəaliyyətini və üzvlərini tanıtmaq, şagirdlər və gənclər arasında qabiliyyəti olanları üzə çıxarmaq, gələcəkdə onlarla iş aparmaq.

27 iyul 2015-ci il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə, Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət Müəllimliyi və Rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri İncəsənət Müəllimliyi ixtisaslarının tələbələri ilə Rəssamlar Birliyi müvafiq işlər aparmışdır. Belə ki, tələbələr Rəssamlar Birliyi ilə sıx əməkdaşlıq edərək bütün tədbirlərdə fəal iştirak edirlər.

04 noyabr 2015-ci ildə “Naxçıvanqala”Tarix Memarlıq Muzey Kompleksində “Xalq yaradıcılığı günləri” ilə bağlı El Şənliyində birlik üzvlərinin əsərlərindən ibarət sərgi  təşkil olunmuşdur.

2015-ci ildə Rəssamlar Birliyində ilk bədii eksperimantal, sujetli xalça toxunmuşdur.

14 noyabr 2015-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali  Məclisi Sədrinin növbəti  sərəncamı biz rəssamlara əsl bayram əhval-ruhiyyəsi bəxş etdi. Sərəncama əsasən  Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının yaradılması və rəssamın heykəlinin ucadılması Bəhruz Kəngərli irsinə göstərilən ehtiramın, Muxtar Respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin göstəricisidir. İnaniram ki, muxtar respublikada yaşayıb-yaradan rəssamlar bu parkın gələcəkdə Naxçıvanın tarixini və mədəniyyətini təbliğ edən mühüm bir yaradıcılıq məkanına çevrilməsi üçün bütün güclərini səfərbər edəcəklər. Muxtar Respublika Rəhbərliyi tərəfindən diqqət və qayğı olan yerdə, rəssamlarımız da yüksək uğurlar qazanmağa çalışırlar. Bu gün Naxçıvanlı rəssamların xoş sorağı müxtəlif xarici ölkələrin sərgi salonlarından gəlir. İnanırıq ki, Naxçıvan Muxtar Respublikasında yeni istifadəyə veriləcək yaraşıqlı park hər bir vətəndaşın istirahəti üçün ən gözəl məkanlardan  biri olacaq, hər bir naxçıvanlının zövqünü oxşayacaq, əsl seyrəngaha çevriləçəkdir. Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aidiyyatı üzrə verilmiş fərman, sərəncam, qərar və tövsiyələrinin icrasını yerinə yetirir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəaliyyəti Respublikadan kənarda da, bir çox tanınan beynəlxalq birliklər tərəfindən də qiymətləndirilir və tanınır. Buna misal olaraq Rəssamlar Birliyinin üzvlüyünə, görkəmli rəssamların daxil olmaq arzularından görmək olar.