alt

Möminə Xatun Türbəsi 

Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir.
Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun şərəfinə tikildiyi məlum olur. Monumental, əzəmətli bir tikinti olan Möminə xatun türbəsi Naxçıvana gələn səyyah və tacirlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübua de Monper abidəyə diqqət yetirmiş və onun kitabələrinin üzünü çıxararaq Peterburqa, akademik Frenə göndərmişdir. O zamandan bəri müxtəlif alim və şərqşünaslar türbənin özü və kitabələri haqqında əsərlər nəşr etdirmişlər.
Möminə xatun türbəsi bürcvari Azərbaycan türbələrinin ən görkəmli nümunəsidir. Zəmanəmizə qədər qalmış hissəsinin hündürlüyü 26 metr olan Möminə xatun türbəsinin xarici örtüyü dağılmışdır. Onun da 8 metr olduğunu nəzərə alsaq türbə keçmişdə 34 metr hündürlüyü olan dairəvi bir tikinti olmuşdur.
Abidə yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yeraltı sərdabə hissəsi planda onbucaqlıdır. Sərdabənin quruluşu burada olduqca maraqlı bir şəkildə həll edilmişdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə bir tağ atılmışdır.

Türbənin nəfis divar naxışlarıMöminə Xatun türbəsinin əsas hissəsini təşkil edən yerüstü abidə xaricdən ongüşəli, daxildən isə dairəvidir. Kərpicdən tikilmiş Möminə xatun türbəsinin quruluşu Yusif Küseyir oğlu türbəsinə oxşardır. Yəni burada da türbənin bucaqları çıxıntı şəklində həll edilmiş, səthlər isə batıq vəziyyət almışdır. Lakin Möminə xatun türbəsində bu memarlıq sxemi olduqca zəngin bir surətdə işlənmiş və türbənin bütün səthləri memarlıqla rəssamlığın sintezi şəklində təzahür edir. Möminə xatun türbəsi səthlərinin və bucaqlarının kitabə və həndəsi ornamentlədən ibarət olan bəzəyi, gəc üzərindəki nəbati təsvirləri haqqında dəfələrlə monoqrafik əsərlər yazılmışdır. Türbənin bucaqlarındakı çıxıntılar əsas etibarı ilə kufi xətlə işlənmiş kitabə ilə örtülmüşdür. Bu kitabələrin türbənin ümumi quruluşunda nə qədər əhəmiyyətli mövqe tutduğunu göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, bu kitabələrin ümumi uzunluğu 500 metrə çatır.
Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir. Sənətkar təkrara yol verməmişdir. Lakin onun məharəti orasındadır ki, müxtəlifliklə bərabər bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini saxlaya bilmişdir.
Səthlərin həndəsi ornamentinin əsasını çoxuclu ulduz və ondan gedən süvari xəttlər təşkil edir. Burada 5,6,8 uclu ulduzlara və 6,8 bucaqlı quruluşlara təsadüf edilir.

alt


Türbənin ancaq Qərb səthi başqa şəkildə həll edilmişdir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxaRı hissəsində, başqa səthlərdə olduğu kimi ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşaat tarixini göstərən kitabələr türbənin Qərb səthində, portaldan yuxarıda göstərilmişdir. Möminə xatun türbəsinin yuxarı hissəsindəki qurşaq bütün səthləri əlaqələndirir və orada yerləşdirilmiş kufi xəttin firuzəyi kaşı yerli üzərində olması bu kitabə qurşağını binanın əhəmiyyətli bir kompozisiya elementinə çevirir.
Möminə xatun türbəsinin daxilindəki yeganə bəzək ünsürü türbənin günbəzinin iç tərəfində yerləşdirilmiş dörd böyük qönçədir. Dairəvi şəkildə olan bu qönçələrin içərisində nəbati naxışlı rəsmlər və son zaman aydınlaşdırılmış yazılar ornament şəklində yerləşdirilmişdir. Burada Allah (c.c.), Ömər, Osman, Əli sözləri yazılmışdır. Görünür memar öz adını da bu adlarla birləşdirmişdir. Onu da qeyd etmək lazımdır ki, I xəlifə Əbubəkrin adının memarın atasının adı ilə eyni olması onu belə mürəkkəb kompozisiya yaratmağa sövq etmişdir.
Məlumdur ki, XII əsrdən çox sonra da Əcəminin Naxçıvanda yaratdığı abidələr müxtəlif sənətkarlara nəinki ölkə daxilində və hətta Azərbaycanın sərhədlərindən kənarda da bir nümunə olaraq qalırdı. Əcəmi Əbubəkr oğlunun yaxın Şərq ölkələrində təsirini göstərməyə məşhur alman şərqşünası Ernist Ditsin "Türk sənəti tarixi" əsərində irəli sürdüyü mülahizə çox yaxşı nümunə ola bilər. O, Anadolu türklərindən olan məşhur Memar Sinanın yaradıcılığından bəhs edərkən deyir ki, Memar Sinanın İstanbulda tikdiyi bəzi türbələr, şübhəsiz ki, Naxçıvan türbələrinin təsiri nəticəsində əmələ gəlmişdir. Memar Sinanın Naxçıvan abidələri ilə necə tanış olduğunu izah edərkən Dits qeyd edir ki, Memar Sinan ordu mühəndisi sifəti ilə XVI əsrdə yeniçərilərin səfərlərində iştirak etmiş və Naxçıvanda olmuşdur.
Türkiyə tədqiqatçıları da bunu qəbul edirlər. Memar Vədat Dalokay "Toplumcu Sinan" adlı məqaləsində Sinanın İstanbuldakı Xosrov Paşa türbəsindən bəhs edərkən "Atabəylərdən qalma bir nəfəs gəlir" yazmışdır.