Balaca rəssamımız Səttar Hüseynzadə artıq 2 ildir ki, sınaq testlərindən 700 bal toplayır. Hər il yüksək bal toplayan uşaqlar fəxri fərman və ya diplomlarla təltif olunurlar.
Naxçıvan Muxtar Respublikasında uşaq və gənclərlə iş sistemi elə mükəmməl qurulub ki, qabiliyyəti olan heç bir uşaq, gənc gözdən yayınmır, qiymətləndirilir. Səttarı təbrik edir, uğurlar arzu edirik.
P.S.Qar yağır, şəhərimizin mərkəzində küknar bəzədilib və bu sehrli gündə hər kəsin sevincinə sevinc qatır...
Sevinciniz əksik olmasın əziz rəssamlar, sənətsevərlər.

 

21 dekabr 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda yaradıcı gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət müsabiqə keçirilmişdir.


Əvvəlcə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat vermiş, gəncləri belə tədbirlərdə aktiv olmağa çağırmışlar. Daha sonra qaliblər mükafatlandırılmışdır. Yekun nəticəyə görə I yerə İsmayıllı İsmayıl, II yerə Alməmmədova Gülayə, III yerə Vəliyeva Nigar, həvəsləndirici yerlərə Calalova Qaratel, Əhmədova Zeynəb, Zeynalova Aysu, Bayramova Firuzə, Əlizadə Xədicə, Məmmədov Qeybalı, Hacıyeva Ayşən, Vəliyeva Sahilə, Həsənov Məna və Həsənov Firəddin layiq görülmüşlər. Qaliblərə təşkilatçıların diplom, fəxri fərman və hədiyyələri təqdim olunmuşdur. Tədbirin sonunda sərgiyə baxış olmuşdur. Qeyd edək ki, sərgi 28 dekabr 2016-cı il tarixədək davam edəcəkdir.

 

16 dekabr Naxçıvanda “Mənim yaradıcılığım” adlı uşaq rəsm sərgisi keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Mənim yaradıcılığım” adlı uşaq rəsm sərgisinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşəbbüsü ilə təşkil edilən sərgidə muxtar respublikanın uşaq incəsənət, bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan, rəsm dərnəklərində keçirilən ustad dərslərində iştirak etmiş şagirdlərin rəsm əsərləri sərgilənib.
Sərginin açılış mərasimində çıxış edən muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Uşaqların istedadlarının üzə çıxarılması, mənəvi inkişafı, asudə vaxtının düzgün təşkili, onların cəmiyyətin mədəni həyatında iştirakını təmin etmək bu siyasətin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin tədbirlər planına əsasən təşkil olunan “Mənim yaradıcılığım” adlı uşaq rəsm sərgisi bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir.
“Uşaqların xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa böyük maraq göstərmələri çox sevindirici haldır”, – deyən Rəssamlar Birliyinin sədri vurğulayıb ki, onların sənət bacarıqlarının düzgün formalaşdırılması üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb.
Ülviyyə Həmzəyeva deyib ki, muxtar respublikada rəsm sənətinə maraq göstərən şagirdlər üçün 3 ildir ustad dərsləri keçirilir. Bu sərgi həmin ustad dərslərində iştirak edən şagirdlərin hesabatıdır. Sərgidə 136 uşağın 231 rəsm əsəri və digər janrlarda hazırladıqları 25 müxtəlif əl işi, həmçinin paytaxt Bakı şəhərindən göndərilmiş 6 rəsm əsəri nümayiş etdirilir.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva çıxış ediblər.
Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında uşaqlar milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər. Onlar rəssamlıq sənətinə də böyük maraq göstərirlər. Uşaqların gələcəkdə yaxşı rəssam kimi formalaşmasında belə tədbirlərin böyük rolu var.
Çıxış edənlər sərgidə rəsm əsərləri nümayiş etdirilən uşaqlara uğurlar arzulayıblar.
Ustad dərslərinin keçilməsində əməyi olan rəssamlara və rəsm sərgisində fəallığına görə fərqlənən uşaqlara diplomlar təqdim edilib. Həmçinin Türkiyə Respublikasında “Beynəlxalq rəssamların görüşü” adlı festivaldakı “Yeni ildə dostuma sülh arzulayıram” adlı müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutan 5 naxçıvanlı həvəskar rəssama diplomlar verilib.
Sərgiyə baxışdan sonra uşaqlar pastel boyalarla kağız üzərində bacarıqlarını nümayiş etdiriblər. Zeynəb Qurbanovanın, Şivan Tarverdiyevin, Nuray Gözəlovanın, Ayxan Qasımovun, Zöhrə Seyidovanın, Kənan Bədəlovun və başqa balaca rəsm həvəskarlarının rəsmləri diqqəti daha çox cəlb edib.
Sərgidə tarixi şəxsiyyətləri, təbiət mənzərələrini, cizgi filmlərinin qəhrəmanlarını əks etdirən bir sıra maraqlı rəsmlər və əl işləri yer alıb.

Rauf Əliyev Kəngərli.
Foto:Araz Xudiyev

 

29 noyabr Azərbaycanın görkəmli rəssamı, Azərbaycan Dövlət Mükafatları laureatı, SSRİ Xalq rəssamı, Rusiya Dövlət Rəssamlıq Akademiyasının vitse prezidenti Tahir Salahovun ad günüdür. Bu münasibətlə Naxçıvan Rəssamlar Birliyi adındanTəbrik edirik!!!

alt