Naxçıvanda Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib 

25.05.2016

Mayın 25-də Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəmli rəssamın abidəsi ucaldılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi və görkəmli rəssamın abidəsinin ucaldılması münasibətilə tədbir iştirakçılarını və muxtar respublikanın bütün yaradıcı ziyalılarını təbrik edərək deyib: Bəhruz Kəngərli Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, zəngin yaradıcılıq imkanlarına malik olan vətənpərvər sənətkar idi. O, Azərbaycan rəssamlığında orta əsr miniatür sənətindən realizmə keçidin, bununla da yeni boyakarlıq məktəbinin əsasını qoymuş, bu sənəti təkrarolunmaz forma, janr və təsvir vasitələri ilə zənginləşdirmişdir.
 

Naxçıvanda türkiyəli rəssamların sərgisi

Naxçıvanda türkiyəli rəssamların sərgisi

 23.06. 2015

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyə Gözəl Sənət Əsərləri Sahibləri Peşə Birliyinin (GESAM) 30 nəfər üzvünün rəsm sərgisi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçırilən sərgidə yağlı, sulu boyalarla, qrafika üsulu ilə çəkilmiş, eyni zamanda, fotoşəkillərdən və heykəltəraşlıq nümunələrindən ibarət 70 əsər sərgilənir.
Sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva qonaqları salamlayıb, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib.

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində tanınmış fırça ustalarının yubileyləri qeyd edilmişdir

27-06-2014

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində tanınmış fırça ustalarının yubileyləri qeyd edilmişdir
İyunun 27-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Azərbaycan Respublikasının Əməkdar Rəssamı Telman Abdinovun və rəssam Əli Səfərovun 60 illik yubiley tədbirləri keçirilmiş, fırça ustalarının əsərlərindən ibarət sərgiyə baxış olmuşdur. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görüldüyünü demişdir. Gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, fırça ustalarının yaradıcılıq imkanları artırılır. Son illərdə naxçıvanlı rəssamların dünyanın bir çox ölkələrində sərgiləri açılmış, onlar beynəlxalq festival və müsabiqələrdə iştirak etmişlər. Ötən il Rəssamlar Birliyi üçün yeni bina inşa olunmuş, müasir sərgi salonu və emalatxana istifadəyə verilmişdir. Yaradılan şərait rəssamların yaradıcılıq imkanlarının daha da genişlənməsinə səbəb olmuşdur. Bu gün keçirilən yubiley tədbirləri də muxtar respublikada rəssamlara göstərilən qayğının daha bir ifadəsidir.

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni inzibati binası və sərgi salonu istifadəyə verilmişdir

12.06.2013

       

1993-cü il iyunun 15-də xalqımız öz nicatını Naxçıvandan başlanan Qurtuluşda – ümummilli lider Heydər Əliyevin böyük siyasətə qayıdışında tapmışdır. Hər il olduğu kimi, bu il də muxtar respublikamızda Milli Qurtuluş Günü yeni sosial obyektlərin istifadəyə verilməsi ilə qeyd edilir.

İyunun 12-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva demişdir ki, muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, rəssamların yaradıcılıq imkanları artırılır, onlar müvafiq iş və emalatxana ilə təmin olunurlar. Həmçinin Azərbaycan boyakarlıq sənətinin klassik və müasir nümayəndələrinin albom-kataloqları hazırlanıb nəşr olunur. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyi keçirilmiş, Rəssamlar Birliyinin rəsmi internet saytı yaradılmış, birliyin gənclər bölməsi təşkil edilmişdir. Ülviyyə Həmzəyeva muxtar respublikada rəssamlığın inkişafına göstərilən qayğıya görə rəssamlar adından minnətdarlıq etmiş, bundan sonra da muxtar respublikanın müasir quruculuq salnaməsinin gələcək nəsillərə çatdırılması istiqamətində səylə çalışacaqlarını bildirmişdir.