Bəhruz  Kəngərli  taleyi

 

Bəzən biz yolu seçirik, bəzən də yol bizi. Hər iki halda heç kim bu yolun uğursuzluğunu  istəmir. Elə 1892-ci ildə Naxçıvanda öz dövrünün qabaqcıl ziyalılarından sayılan Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açan  oğlana Bəhruz adı verəndə də, heç kəs adı “Xoş gün” kimi tərcümə olunan uşağın otuz ildən sonra məşhur rəssam kimi gözlərini əbədi yumacağını bilmirdi. Amma Bəhruz bəy ona ayrılmış bu qısa ömür payını da duyulası təzadlarla keçirdi. Hələ körpəlikdə doğma anasını itirən, 9 yaşından isə səhhətində problem yaranan gənc rəssam təhsilsonrası davam edən cəmi 7 illik yaradıcılığı ilə adını Azərbaycanın sənət tarixinə yaza bildi. Məşhur Kəngərlilər nəslinin nümayəndəsi olan Bəhruz bəy Azərbaycan gerçəkliyində ömrün mənasının onun uzunluğundan asılı olmadığını əyani olaraq təsdiqlədi, desək, heç də səhv etmərik. Bu gün Bəhruz Kəngərli adının çoxəsrlik Naxçıvan tarixi ilə qoşa çəkilməsi də onun adının ölməzliyə, əsərlərinin zamansızlığa qovuşduğunun danılmaz sübutudur...

Etiraf edək ki, Bəhruz Kəngərli zamanında təkbaşına bütöv bir yaradıcı nəslin görə biləcəyi işləri həyata keçirib. Onun özünün firavanlıqdan uzaq bir durumunda yaratdığı “Qaçqınlar” qrafik silsiləsi vətənpərvər sənətkar-vətəndaş mövqeyinin təzahürü kimi qəbul olunur və dəyərləndirilir. Bəhriz Kəngərli erməni təcavüzündən bəhs edən “Qaçqınlar”ı ilə yurdun ən çətin anlarında XX əsr Azərbaycan təsviri sənətinin mənəvi yükünü daşımağa məhkum olan, amma bunu sona qədər edə bilməyən rəssamların üzünü ağartdı, desək, yanılmarıq. Belə ki, onun bu silsiləsi mənfur ermənilərin əsl xislətini ifşa edən təkzibolunmaz bədii sənədlərdir...

 

DÜNYAYA GERÇƏKÇİ BAXIŞIN POETİKASI

HƏSR OLUNUR GÖRKƏMLİ FIRÇA USTASI ƏYYUB HÜSEYNOVUN 
100 İLLİK YUBİLEYİNƏ...

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətinin XX yüzilliyə təsadüf edən inkişafının özünəməxsus bədii-estetik xüsusiyyətlərlə zənginləşməsində mühüm rol oynayan sənətkarlardan biri də görkəmli rəssam və pedaqoq , əməkdar incəsənət xadimi Əyyub Hüseynov (1916-1998) olmuşdur. Bir - neçə gündən sonra anadan olmasının 100 illiyi tamam olacaq tanınmış fırça ustasının bu münasibətlə Bakıda və Naxçıvanda fərdi sərgiləri təşkil olunacaqdır...
Naxçıvanın Xok kəndində dünyaya göz açan və ilk gözəllik duyumunu Haça dağa heyrəti ilə ifadə edən Əyyub Hüseynovun Bakıda (1930-1935) və Tiflisdə (1935-1941) baş tutan təhsil illəri arxada qalıb doğma yurda dönəndə cəmisi 25 yaşı vardı. Naxçıvanda duyğularını rənglərlə ifadə edib müxtəlif janrlarda əsərlər yaradan gənc rəssam,həm də təhsil sonrası yerli teatrda səhnəyə qoyulan tamaşalara bədii tərtibatlar verirdi. Burada o, tanınmış fırça ustası Şamil Qazıyevlə birlikdə bir çox tamaşaların bədii tərtibatını və geyim eskizlərini hazırlamışdır. Naxşıvan teatrının tədqiqatçıları gənc rəssamın xüsusilə Ə.Haqverdiyevin “Pəri-cadu”, S.Vurğunun “Fərhad və Şirin”, O.Sarıvəllinin “Babək”, A.Şaiqin “Vətən”, N.Nağıyevin “Polad” və Ə.Abbasquliyevin “Günəş doğur” və s. pyeslərinə çəkdiyi geyim eskizlərini yüksək dəyərləndirməklə, onların bu səhnə əsərlərinin uğur qazanmasında önəmli rol oynadığını vurğulamışlar.
O, həmin illərdə daha böyük yaradıcılıq arzuları ilə yaşayırdı. Rəssam ruhunda gəzdirdiyi missiyanın paytaxtda – Bakıda gerçəkləşəcəyinə inanırdı və elə bu arzuyla da 1947-ci ildə Naxçıvanı tərk edir. Həmin vaxtdan respublikadakı məşhur “Əzimzadə məktəbi”ndə pedaqoji fəaliyyətə başlayan və ömrünün şonuna qədər burada çalışan Əyyub Hüseynov Azərbaycan təsviri sənət tarixinə həm də bu gün milli incəsənətimizin ağır mənəvi yükünü daşımaqda olan yüzlərlə rəssam yetişdirmişdir. Odur ki, bu gün də rəssamlar arasında adı tez-tez xatırlanır, “Əyyub müəllinin direktor davranışı” nümunə kimi göstərilir. Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin tarixini bilənlər etiraf edirlər ki, bu təhsil ocağının dahi Ə.Əzimzadədən sonra hamının sevimlisinə çevrilən iki direktoru olub: Əyyub Hüseynov və Eyyub Məmmədov! 1956-1965-ci illərdə məktəbə rəhbərlik edən rəssam bu hörməti həm tələbələr, həm də müəllimlər arasında qazanmışdı. Təbii ki, insanlığı və tələbkarlığı ilə! Ona görə bu gün də işıqlı əməlləri başqalarına nümunə göstərilməkdədir...
Pedaqoji fəaliyyəti yaradıcılıqla əlaqələndirmək nə qədər çətin olsa da, Əyyub müəllim bunun öhdəsindən ləyaqətlə gəlməyi bacarmışdır. Vaxtaşırı Bakıda və keçmiş SSRİ məkanında, eləcə də ölkə sərhədlərindən uzaqlarda təşkil olunan sərgilərdə iştirak edən rəssam, özünü təsviri sənətin bütün janrlarında eyni uğurla əsərlər yaradan sənətkar kimi tanıtmışdır.

 
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və ya yeni dövrün incəsənət panteonu



Onun adını daşıyan hər məkan, küçə, prospekt, park ən azı onun sevdiyi dəyərləri özündə əks etdirməlidir. Bu mənada Naxçıvan şəhərindəki Heydər Əliyev prospektini qarış-qarış gəzsəniz, burada məhz ümummilli lider Heydər Əliyevin adına layiq obyektləri görə bilərsiniz. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə, dövlət quruculuğuna gedən yolda dayaq məntəqəsinə çevrilmiş, müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf xəritəsinin ilk cizgilərinin çəkildiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası, ulu öndərin adını daşıyan muzey, ümummilli liderin hər zaman xüsusi diqqət göstərdiyi elm məbədgahı – yaradıcısı olduğu AMEA Naxçıvan Bölməsi və sair.

Ulu öndər Heydər Əliyevin mədəniyyətə, incəsənətə, rəssamlığa xüsusi dəyər verdiyi, hətta bəzən maraqlı rəsmlər də çəkdiyi sirr deyil. İndi Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ucalan, memarlıq üslubuna və üzərindəki naxış elementlərinə görə bir az da fərqli olan bu bina – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin binası da məhz ümummilli liderin sevdiyi daha bir dəyərin nişanəsidir. Bu mənada bir zamanlar Gəmiqaya üzərində ilk rəsmləri çəkən əcdadların bugünkü davamçılarına ərməğan edilən bu binanın istifadəyə verilmə tarixi – 12 iyun da təsadüf ola bilməz. Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilən bu bina həm də ümummilli liderin qayıdışı ilə mədəniyyətimizin labüd süqutdan qurtulduğunun ifadəsidir.