alt 

Əcəmi Naxçıvani

Tanınmış Azərbaycan memarı Əcəmi Naxçıvani

Əcəmi Əbubəkr oğlu Naxçıvani – Mənşəcə Azərbaycan türklərindən olan, XI-XII əsrlərdə indiki Azərbaycan ərazisində fəaliyyət göstərmiş və dünya şöhrəti qazanmışmemar, Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi.

Həyatı və yaradıcılığı

 

alt

Möminə Xatun Türbəsi 

Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir.
Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun şərəfinə tikildiyi məlum olur. Monumental, əzəmətli bir tikinti olan Möminə xatun türbəsi Naxçıvana gələn səyyah və tacirlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübua de Monper abidəyə diqqət yetirmiş və onun kitabələrinin üzünü çıxararaq Peterburqa, akademik Frenə göndərmişdir. O zamandan bəri müxtəlif alim və şərqşünaslar türbənin özü və kitabələri haqqında əsərlər nəşr etdirmişlər.
Möminə xatun türbəsi bürcvari Azərbaycan türbələrinin ən görkəmli nümunəsidir. Zəmanəmizə qədər qalmış hissəsinin hündürlüyü 26 metr olan Möminə xatun türbəsinin xarici örtüyü dağılmışdır. Onun da 8 metr olduğunu nəzərə alsaq türbə keçmişdə 34 metr hündürlüyü olan dairəvi bir tikinti olmuşdur.
Abidə yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yeraltı sərdabə hissəsi planda onbucaqlıdır. Sərdabənin quruluşu burada olduqca maraqlı bir şəkildə həll edilmişdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə bir tağ atılmışdır.