Mayın 22-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəssam Şəmsiyyə Zalovanın “Biz” adlı karikatura-şarj fərdi yaradıcılıq sərgisi keçirilmişdir.

Şəmsiyyə Zalovanın yaradıcılığında karikaturanın bir növü olan şarj geniş yer tutur. Bu janrda insan obrazları satirik və yumoristik təsvirlərlə verilir. Rəssam bu əsərlərində obrazların zahiri oxşarlığını saxlamaqla onların ən səciyyəvi, qabarıq duyulan əlamətlərini xüsusi olaraq 

qabartmağa, bədii obraza çevirməyə çalışır.
Qeyd edək ki, Şəmsiyyə Zalovanın yaradıcılığında həmçinin qrafika və rəngkarlığın mənzərə, portret, tematik şəkil, natürmort janrları da yer alır.
Rəssamın bundan əvvəl 2010 və 2016-cı illərdə də fərdi sərgiləri təşkil olunub.
Növbəti fərdi sərgidə rəssamın 58 işi nümayiş olunmuşdur.
Qeyd edək ki, Şəmsiyyə Zalova Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.