STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Birliyin profili

NAXÇIVAN MUXTAR RESPUBLİKASI RƏSSAMLAR BİRLİYİ

   Naxçıvan MR Rəssamlar Birliyi (əvvəlki Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı) yarım əsrə yaxın qısa bir vaxtda, yaradıcılıq uğurları ilə dolu şərəfli bir yol keçmişdir. Birlik 1971-ci ildə yaradılsa da, çox qədim və zəngin yaradıcılıq ənənələri əsasında qurulmuşdur. Belə ki, kökü Gəmiqaya, Kür-Araz, Boyalı Qablar mədəniyyətlərinə, Əcəmi və Bəhruz bəy Kəngərli məktəblərinə və digər xalq sənətlərinə bağlı olan Naxçıvanın incəsənəti, qonşu ölkələrdə, eləcə də, Orta Asiyada böyük rəğbət qazanmış və həmişə təqdir edilmişdir. Bu ənənələri davam etdirən rəssamlarımız, birliyin yarandığı ilk gündən istər ölkəmizdə, istərsə də, keçmiş SSRİ-nin müxtəlif respublikalarında təşkil olunmuş sərgilərə qatılaraq Naxçıvan Muxtar Respublikasını ləyaqətlə təmsil etmişlər.

  

   Respublikamız ikinci dəfə dövlət müstəqilliyi qazandıqdan sonra 1990-cı ildən başlayaraq Naxçıvan rəssamlarının da beynəlxalq əlaqələri xeyli genişlənmişdir. Tanınmış rəssamlarımızdan bir neçəsi, qardaş Türkiyə Respublikasının müvafiq universitetlərində işlə təmin edilmiş və bu ölkənin mədəni həyatında yaxından iştirak etmişlər. Həmçinin, rəssamlarımız İran İslam Respublikası, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Avropa və Asiya ölkələrində təşkil olunmuş müxtəlif sərgilərə qatılmış, əsərləri alınmış, bu ölkələrdə kataloqları, albom və bukletləri nəşr edilmişdir.

    Bu gün, Naxçıvan MR Rəssamlar Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş, rəssamlıq sənətinin inkişafı üçün hər tərəfli şərait yaradılmışdır. Belə ki, 2000-ci ildə Ali Məclisin Sədri Vasif  Talıbovun təşəbbüsü ilə Azərbaycan Rəssamlar İttifaqının  Naxçıvan Təşkilatı Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə çevrilərək müstəqil bir qurum kimi fəaliyyətə başlamışdır. Elə ilk gündən, birliyinin idarəsi və sərgi salonu əsaslı surətdə təmir edilmişdir.

      

      Ali Məclisi Sədrinin 15 fevral 2001-ci il tarixli sərəncamı ilə Naxçıvan  Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin adı verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 iyul 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Rəssamlar Birliyinin 40 illik yubileyi keçirilmişdir. Birlik Ali Məclis Sədrinin Fəxri Fərmanı ilə təltif edilmiş rəssamların ixtiyarına verilmişdir.

    Rəssamlar Birliyinin 26 iyul 2011-ci il tarixində keçirdiyi yubiley sərgisində Ali Məclisin Sədri Vasif Talıbov şəxsən iştirak etmiş və tövsiyə xarakterli çıxış edərək demişdir: “Bu sahəyə ona görə diqqət göstərilir ki, Rəssamlar Birliyi muxtar respublikanın ictimai həyatında fəal iştirak etsin, yeni rəssamlar yetişdirilsin, Bəhuz Kəngərli ilə başlanan yol davam etdirilsin. Bu gün muxtar respublikamızda professional rəssamlar fəaliyyət göstərir. Onlar təkcə ölkəmizdə deyil Azərbaycandan kənarda da tanınırlar, müxtəlif ölkələrdə sərgiləri təşkil olunur. Bu sahənin daha da inkişaf etdirilməsi üçün rəssamların üzərinə mühüm vəzifələr düşür. Tarixin yaşadılması baxımından rəsm əsərləri mühüm əhəmiyyət daşıyır. Vaxtilə Bəhruz Kəngərlinin, Şamil Qazıyevin çəkdiyi rəsm əsərlərində Naxçıvanın tarixi, abidələri, adət-ənənələri öz əksini tapmışdır. Naxçıvanın təbiəti, tarixi abidələri rəssamlar üçün mövzu, hər bir guşəsi isə bir rəsm əsəridir”.

     

    Ali Məclis Sədrinin çıxışından irəli gələn tövsiyə və tapşırıqları, özünə proqram kimi qəbul edən Naxçıvan Rəssamlar Birliyi daima öz işini bu istiqamətdə quraraq daha böyük nailiyyətlərə nail olmağa çalışmışdır.

    Belə ki, 2011-ci ildən Naxçıvan MR Rəssamlar Birliyinin şəxsi saytı (www.ressamlar.nakhchivan.az) və facebook səhifəsi fəaliyyətə başlamışdır. Həmin il Naxçıvan MR Rəssamlar Birliyinin üzvlərinə muxtar respublika rəhbərliyi tərəfindən emalatxanalar verilmiş və ildə beş nəfər rəssam Prezident təqaüdü ilə mükafatlandırılmışlar.

  

      2012-ci il tarixdən başlayaraq bienali tipli “Naxçıvan-bəşəriyyətin beşiyi” devizi altında Beynəlxalq Rəsm Festivalına start verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 yanvar 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq olunmuş və rəssamın yubileyi icraya məsul təşkilatlar və o cümlədən, Rəssamlar Birliyi tərəfindən yüksək səviyyədə kecirilmişdir.

    12 iyun 2013-cü il Naxçıvan Rəssamlar Birliyinin tarixində ən əlamətdar günlərdən biri olmuşdur. Belə ki, Naxçıvan şəhərinin mərkəzində  Heydər Əliyev prospekti 38 ünvanında, birlik üçün zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət müasir tələblərə cavab verən yeni bir bina inşa olunmuşdur. Bu hadisə ictimaiyyət arasında Muxtar Respublika rəhbərliyinin rəssamlıq sənətinə verdiyi ən yüksək dəyər kimi qiymətləndirilmişdir.

    

    Rəssamlar Parkının yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 noyabr 2015-cü il tarixli sərəncamı ilə, Naxçıvan şəhəri, İstiqlal küçəsi 52-də Bəhruz Kəngərlinin heykəli qoyulmuş və park Bəhruz Kəngərli adına Rəssamlar Parkı adlandırılmışdır. Park 24 may 2016-cı ildə, III Beynəlxalq Rəsm Festivalı ərəfəsində festivala gələn qonaqların iştirakı ilə Ali Məclisin Sədri Vasif Talıbov tərəfindən açılmış və sənətsevərlərin istifadəsinə verilmişdir.

   

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə  dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamdan irəli gələn məsələlərdən biri də, kadr hazırlığına müasir yanaşma və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin etməkdir. Bu sərəncamda qarşıya qoyulan vəzifələrdən biri kimi Naxçıvan MR Rəssamlar Birliyi Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun müvafiq ixtisaslarını hamiliyə götürmüş və Naxçıvan Ali Məclisi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən, həm həmin ali məktəblərdə, Muxtar Respublikada fəaliyyət göstərən Uşaq Gənclər Yaradıcılıq Mərkəzlərində və İncəsənət məktəblərində ardıcıl olaraq ustad dərsləri keçir. Bu dərslərin nəticəsi olaraq uşaqlar və gənclər arasından istedadlı şagirdləri seçərək ildə iki dəfə olmaqla onların sərgilərini keçirir diplom və qiymətli hədiyələrlə mükafatlandırılırlar.

    

    Naxçıvan Muxtar Respublikasında gəncliyin inkişafına yönəlmiş dövlət proqramlarına əsasən gənclərin asudə vaxtlarının eləcə də bilik və bacarıqlarının təşkili və inkişafı yönündə bir çox tədbirlər görülür. Respublikamızda yaradılan şəraitə əsasən gənc qabiliyyətli istedadların üzə çıxarılması istiqamətində 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin nəzdində Gənc rəssamlar Bölməsi yaradılmışdır.

    

     Naxçıvan Rəssamlar Birliyində ənənəvi olaraq müvafiq nazirlik, komitə və təşkilatlarla birgə ildə bir neçə dəfə orta məktəb şagirdləri, orta ixtisas və ali məktəb tələbələri arasında müxtəlif mövzularda müsabiqələr və sərgilər keçirilir, qaliblər mükafatlandırılırlar.

    Hal-hazırda Naxçıvan Rəssamlar Birliyinin 58 üzvü var. Onlardan: bir nəfəri xalq rəssamı (Hüseynqulu Əliyev), üç nəfəri Azərbaycan Respublikası əməkdar rəssamı (Ülviyyə Həmzəyeva, Telman Abdinov, Həsən Qurbanov), bir nəfəri Naxçıvan Muxtar Respublikası əməkdar incəsənət xadimi (Elman Cəfərov), yeddi nəfəri isə Naxçıvan Muxtar Respublikası əməkdar rəssamı (Səyyad Bayramov, Həmzə Sadiqov, Cavid İsmayılov, Həbibə Allahverdiyeva, Əli Səfərov, Fikrət Babayev, Leyla Əzimbəyova) fəxri adları ilə təltif olunmuşlar.

    Naxçıvan MR Rəssamlar Birliyinin üzvləri son beş ildə beynəlxalq əlaqələrini xeyli genişləndirmişlər. Belə ki, bir çox xarici ölkələrdən dəvətlər almış və oralarda təşkil olunmuş beynəlxalq sərgilər, festivallar və müsabiqələrə qatılmışlar. Rəssamlarımız bu mötəbər tədbirlərdə layiqincə iştirak edərək Muxtar Respublikamızı ləyaqətlə təmsil etmişlər. Bu ölkələrin siyahısına: Bolqarıstan, Fransa, İran, Türkiyə, ABŞ, Portuqaliya, Çin, Avstriya, Rusiya, və  digər ölkələr daxildirlər.

     Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi də, Respublikamızın hər sahəsində olduğu kimi Muxtar Respublika rəhbərliyi tərəfindən daim diqqət və qayğısı altındadır. Belə ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri 2 mart 2021-ci il tarixli Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən tədbirlər planı təsdiq olunmuş və Birlik tərəfindən icra olunmaqdadır. Ali Məclis Sədrinin növbəti dəfə Rəssamlar Birliyinə göstərdiyi bu diqqət, doğma diyarımızda sənətə və sənətkara qayğının böyük bir təzahürüdür.